“Xocalının səsi” qəzetində və qəzetin internet
ünvanı olan xocalininsesi.info saytında mütəmadi olaraq Xocalı soyqırımının
canlı şahidlərindən, erməni əsirliyində olmuş sakinlərimizdən alınan müsahibələr
geniş oxucu kütləsinə çatdırılır. Bu dəfəki müsahibim Xocalı soyqırımında
doğmaları şəhid olan, erməni əsirliyində ağır işgəncələr görmüş Hacıyeva Rahilə
Rəşid qızıdır. Rahilə Hacıyevanın başına gətirilən müsibətləri dinləmək mənim
üçün ağır olsa da, erməni vəhşiliklərinin qələmimim gücü çatdığı qədər yaymağı
özümün ən vacib peşə borcum olduğunu da yaxşı dərk edirəm.Rahilə Hacıyeva başına gələn faciələri “Xocalının səsi”
qəzetinə danışdı: - Xankəndində Atarbekov küçəsində qalırdıq. Ermənilər
Xankəndindən azərbaycanlıları çıxarmaq üçün hər əmələ əl atırdılar. Onlar
Qarabağ bizimdir deyirdilər. 1988-ci ildə ermənilər bizi evimizdən didərgin
saldılar. Bir gecə ermənilər evlərimizə od vurmağa başladılar. Biz məcburən Kərkicahan
meşəsi istiqamətindən Şuşaya tərəf üz tutduq. Doğma yurd yerimizdən didərgin
düşsək də, güman edirdik ki, haqq-ədalət öz yerini tapacaqdır. Qaçaqaçda oğlum
Elbrus düşmən gülləsi ilə kürəyindən yaralandı. Mən qorxu içərisində uşağın
yarasına baxmağa macal tapmadan meşə ilə qaçırdım. Çox çətinliklə gəlib Şuşaya
çatdıq. Şuşaya çatanda oğlum artıq dünyasını dəyişmişdi. Bu ağırını heç bir
zaman yadımdan çıxarda bilmərəm. Elbrusun ölümündən sonra düşmənə olan kinim,
nifrətim artdı. Uşaq qatilləri ananı baladan ayrı saldılar. Şuşada
qalmağa yerimiz yox idi. Bizi Xocalıda tikilən fin evlərdə məskunlaşdırdılar.
İpək fabrikində işləməyə başladım. Ancaq Xocalıda da rahatlığımız olmadı. Sanki bir müsibətin
ağuşundan qaçıb digər müsibətin ağuşuna girirdik. Bədxah düşmənlər Xocalını mütəmadi
olaraq atəşə tuturdular. Bir gün düşmənin atdığı mərmi bizim evimizə düşdü. Evimiz bir dəqiqənin içində
yanıb kül oldu. Xankəndindən pənah gətirdiyim Xocalıda da düşmən bizə faciələr
yaşatdı. Daha sonra Xocalıdakı ikimərtəbəli evlərə köçdük. Yoldaşım Mustafayev
Vidadi Şəfa oğlu 3 il 6 ay Əfqanıstanda xidmət etmişdi. Onun qara kağızı gəlmişdi.
Vidadini saxlayan nənəsi qara kağız gələndən bir neçə gün sonra dünyasını dəyişdi.
Ancaq gözlənilməz təsadüf nəticəsində Vidadi evə qayıtdı. Əfqanıstanda döyüş
yolu keçən Vidadi oğlumuzun ölümü ilə, düşmənlərin torpaqlarımıza göz dikməsi
ilə barışa bilməzdi. O, Xocalının Özünü Müdafiə Batalyonuna yazılaraq kəşfiyyatçı
kimi Vətənin müdafiəsinə qalxdı. Xocalını Kətik dağı tərəfdən atəşə tuturdular.
Vidadi atəşin istiqamətini öyrənmək, düşməni susdurmaq məqsədilə gecə 02:00 radələrində
Kətik dağı istiqamətində gedir. Erməni quldurları 16 qrad qurğusunu Xocalıya
tuşlamışdılar. Onlardan 2-si atılsa da, 14-ü dolu idi. Döyüş yoldaşları ilə
düşmənləri tərkisilah edərək həmin qurğunu dağdan endiriblər.1992-ci il
fevral ayının 25-i günü Vidadi evə gəlib bizə dedi ki, axşam yaralıları Ağdama
tərəf keçirəndə sizi də onlarla birlikdə aparacağam. Amma Vidadi axşam evə gəlib çıxmadı. Ermənilər isə köməksiz
qalan Xocalıya daxil olub evləri bir-bir yandırırdılar. Günahsız insanları qətlə
yetirirdilər. Vidadinin döyüş yoldaşı Alxanın ailəsi də bizdə idi. Alxan bizə
köməyə gəlmişdi. Vidadini ondan xəbər alanda, mənə o gələcək dedi. Alxan bizi
hamama salıb gizlətdi. Evə qumbara atacaqlarını bildirdi. Uşaqları sakitləşdirməyə
çalışırdıq. Mən əlimlə qızımın ağzını yummağa çalışdım. Qızım ağlaya-ağlaya
ana, məni boğma, bəlkə bizi tapmayacaqlar dedi. Qızımın qışqırığına ermənilər
bizim yerimizi tapdı. Bizi aşağı mərtəbəyə endirdilər. Orada 20-yə qədər erməni
saqqallısı Alxanı bərk döyməyə başladı. Alxanı ölüm gözləyirdi. Onu yerlərdə təpikləyirdilər,
avtomatla vururdular. Yoldaşı Fatiməyə
Alxanın üzünün qanını təmizlətdirir və yenidən döyürdülər. Ölümünə dəqiqələr
qalmış erməninin birinin əlindən tutaraq dayanmağını istədi. Əlinin arxası ilə
üzünün qanını sildikdən sonra mənə imkan verin, o qadına sözüm var dedi. Alxan əzab
içində mənə baxaraq bunları söylədi: - Rahilə
bacı, məni bağışla. Sizə ökmək edə bilməsəm də, ayrı sözüm var. Vidadi gəlməyəcək.
Vidadi əgər siz düşmən əlinə keçməli olsanız, onda sizi öldürməyimi məndən
xahiş etmişdi. Ancaq siz 9 nəfər olduğunuzdan mən bir qərar verə bilmədim. O,
cibindən 6 ədəd avtomat gülləsini çıxardıb yerə tulladı. Hiss olunurdu ki,
Alxanı düşmənin vurduğu zərbələrin ağrısından çox, Vidadiyə verdiyi sözü yerinə
yetirə bilmədiyinə görə, düşmənə əsir olduğumuz üçün mənəvi ağrılar incidirdi.
Alxana yoldaşının yanında əlini-qolunu bağlayıb işgəncələr verirdilər. Onun əlini
bağlasalar da, dilini kəsə bilmirdilər. Son nəfəsinədək Alxan erməni
quldurlarını təhqir etdi. Qarabağ heç bir zaman sizin olmayacaq deyərək onların
cavabını verirdi. Erməninin biri bıçağını çıxardıb bu türk millətinin qanını nə
qədər içsəm ürəyim soymaz dedi. Sonra Alxanın başını kəsdilər. Alxanın başını kəsən
erməni onun həyat yoldaşı Fatiməni sürükləyərək apardı. Fatimə fəryad
qoparırdı. Huşunu itirmiş Fatiməni yerlərdə sürüyürdülər. Bu günahsız
insanların iki oğlu bizim yanımızda qaldı. Ermənilər
həyat yoldaşımın hərbçi olduğunu bləndən sonra məni
bərk döydülər. Məndən silah anbarlarının yerini soruşur, cavab vermədikdə isə
daha da şiddətlə döyürdülər. Üstümüzdəki pulları, sənədləri də aldılar.Erməni
quldurlarından biri mənim Xocalıya hardan gəldiyimi soruşdu. Mən ona Şuşanın
Quşçular kəndindən Xankəndinə, oradan isə Xocalıya köçdüyümüzü bildirdim. Həmin
erməni üzümə gülümsəyərək sənin atanı tanıyıram dedi. İçimdə bir az rahatlıq
tapdım. Güman etdim ki, bizə mərhəmət edəcəklər. Bizi döyə-döyə
köhnə təcili yardım maşınına yığaraq Əsgərana tərəf apardılar. Yollara
baxmağımızı qadağan etdilər. Mən halsız olduğum üçün başımı aşağı saldım,
ağrıdan başımı onsuz da qaldıra bilmirdim. Yolda başımı qolumun altından
qaldırıb pəncərədən çölə baxanda gördüm ki, bizim kimi Xankəndindən Xocalıya pənah
gətirən Muğana yoldaşı ilə birlikdə işgəncələr verirlər. Muğaının arvadı hamilə
idi. Erməni quldurları bir anın içində onun qarnını yararaq uşağı çıxardıb yerə
atdılar. Bu dəhşətli hadisə mənim gözlərimin qabağından həyatım boyu getməz. Sonra
bizi faner evlərə tərəf apardılar. Evlərin qarşısındakı hasarlarda kəsilmiş
uşaq başları var idi, körpə uşaqları xaç şəklində hasara vurmuşdular. Gözlərimin
qabağına gəldi ki, mənim uşaqlarım da belə edəcəklər. Mən orada özümdən getmişəm.
Bir vaxt ayıldım ki, Əsgəranın Milis bölməsində kameradayam. Kameraların hamısı
uşaq, qoca, qadınla dolu idi. Qaradağlı kəndinin əsirlərindən də var idi. Əsirlərə
ağlsığmaz işgəncələr verirdilər. Onların qollarını, qılçalarını qırır, bədənlərini
yandırırdılar. Mənim bədənim bütün dağ yeridir. Mənə də çox işgəncələr verdilər.
Deyirdilər ki, Vidadinin yoldaşı olduğunu boynuna al. Mənim qoynumdan Vidadinin
sənədlərinin çıxmışdı. Erməni bildi ki, mən Vidadinin həyat yoldaşıyam. Amma
buna tam əmin olmaq üçün mənim dilimdən eşitmək istəyirdi. Dombay mənə
dedi ki, Rahilə, Vidadi də burdadır. Qılçalarından ağır yaralıdır, çox qan
itiribdir. Deyir ki, nəbadə məni tanıdığı məni bildirərlər. Onların gətirib məni
yanımda öldürməsinlər, kənarda öldürsünlər. Ermənilər 15 nəfərin başına pul
qoymuşdu, onlardan biri də Vidadi idi. Ona görə də mən baldızımı və orada olan
iki qızı yatağın altında gizlətdim. Bəlkə də 100-150 nəfər qadın var idi.
Hamısı bir-birinin qucağında oturmuşdu. Yatağın qarşısında oturmuşduq ki,
qızları çıxartmasınlar. Bir qədər
sonra erməni quldurunun biri içəri girib qışqıraraq Vidadinin bacısı kimdir
soruşdu. Dedi ki, qardaşı onu yanına çağırır. Baldızımın da adı Rahilədir.
Rahilə başını yatağın altından çıxartmaq istəyəndə ayağımla onu geri itədim. Mən
Rahiləni bir nəfər erməninin buradan apadığını dedim. O, hirsli-hirsli çölə
çıxdı. Əsir düşərgəsində
gənc qadınlar üzlərini şalla bağlayırdılar ki, onların üzünü ermənilər görməsinlər.
Qadınlar qızlarımızın üzlərini eybəcər hala salırdılar.Bir neçə dəqiqədən
sonra həmin erməni içəri girib Vidadi həyat yoldaşını çağırır dedi.
Kameralardakı qadınlar məni müdafiə edərək burada yoxdur dedilər. Mən də onlara
qoşularaq Vidadinin yoldaşı burada yoxdur dedim. Erməni qulduru fənəri üzümə
tutaraq dedi ki, Vidadinin yoldaşı elə sən özünsən. Uşağı qucağımdan alıb
qadınların üstünə tulladı. Sonra məni sürükləyə-sürükləyə bir otağın içinə dartdı.
Otaqda meyitlərdən tərpənməyə yer yox idi. İnsan vahiməyə düşürdü. O, məni nə qədər
dartsa da içəri sala bilmədi. Avtomatın qundağı ilə məni vəhşicəsinə döyərək mənə
dedi ki, dünən yoldaşın qumbara ilə qardaşımı və 15 nəfər əsgər yoldaşımı
öldürüb. Boynuna alsan da, almasan da səni uşaqlarınla birlikdə öldürəcəyəm. Qardaşımın
20 yaşı var idi. Onun hər yaşıan görə 20 nəfər əsirin başını kəsəcəyəm dedi. Mən
bütün işgəncələrə dözərək Vidadini tanımıram deyirdim. Erməni isə mənə hələ
baldızımı da tapacağını və geridə qalan sülaləmizi yandıracağını deyirdi. Bu
söhbət əsnasında güclü atışmalar oldu. Ağdam tərəfdən Əsgərana hücum olunmuşdu.
Məni döyən erməni dayan gözlə, gələcəyəm deyərək məni əsirlərin yanına qaytarıb
etdi. Qadınların üzü al-qan içində idi. Bizi tez-tez gəlib döyürdülər, dözülməz
işgəncələr verirdilər. Hər saatda aramızdan bir qadını aparırdılar. Onların
sonrakı taleyi məlum olmurdu. Qayınatamın qohumlarından Arazı da qızı ilə
birlikdə əsir tutmuşdular. Araz məni görəndə yalvararaq xahiş etdi ki, onun
qızını qoruyum. Arazı çox döymüşdülər. Ayaq üstə durmağa taqəti qalmamışdı. Aradan bir
neçə saat keçdikdən sonra məni döyən erməni yenidən içəri girdi. Məni çölə çıxardanda
Arazın çarmıxa çəkildiyini gördüm. Orada Aşot adında erməni məni tanıyıb həmin
erməninin əlindən aldı. Aşot mənə dedi ki, yoldaşınla birlikdə beş nəfərin
başını erməni qəbrinin üstündə kəsdilər. Sizin də başınızı kəsmək istəyirlər. Aşot məni
təkrar içəri gətirdi. Uzunsaçlı baldızım Rahiləni ermənilər saçından dartıb
sürüyür, işgəncələr verirdilər. Qızım da işgəncələrə məruz qalırdı. Qardaşı ölən
erməni məni yenidə apardı. O, bıçağı çənəmin altından basaraq Vidadinin yoldaşı
olduğumu boynuma qoymağa çalışırdı. Bu vaxt Dombay irəli çıxaraq qolu yaralı
olan erməniyə ağır zərbə vurdu. Onun əlindəki bıçaq qoluma düşdü. Qolumu qan
apardı. Bir müddət
sonra bacımın yoldaşı Eldarın əsir tutduğu ata-oğul olan iki ermənini 13 nəfər
azərbaycanlı ilə dəyişdilər. Onların içində biz də var idik. Hamı bizim
öldüyümüzü düşünürdü. Məni qəargahda tanıyan qayınatamın qardaşı oğlu, dünən
sizin yeddinizi keçirdib ehsan verdik dedi. Qayınanam bizi görəndə, Allahım,
balalarım sağdır, inşallah Vidadi də gələcək deyərək nalə çəkdi. Qızımın ayağı
sınmışdı. Baldızımın isə yarasının qanı dayanmırdı. Sonra bizi xəstəxanaya yerləşdirdilər.
Bir neçə gündən sonra qayınatam məndən
Vidadinin başına nə gəldiyini soruşdu. Mənə dedi ki, eşitmişəm Vidadinin başını
kəsiblər, bu doğrudur? Mən bu xəbəri artıq təsdiqləməli oldum. Son ümidi də əlindən
alınan kişi nalə çəkərək özünü yerə vurdu. Ağdam da xəyanəti qurbanı oldu Dağ boyda dərdlərlə
gəldiyimiz Ağdamdan Azad adlı döyüşçü bizi Şəkinin Böyük Dəhnə kəndinə öz evinə
apardı. Bizə öz doğmaları kimi baxdılar. Ancaq yağı düşmən bizə dağ çəkməkdə
davam edirdi. Məni anasına bacısı kimi tapşıran Azad şəhidlik zirvəsinə ucaldı.
Sanki erməni bizi pənah apardığımız yerlərdə təqib edir, evimizi yandırır, əzizlərimizi
qətlə yetirməklə bizə sağalmaz yaralar vururdu.Baldızım
Rahilə əsirlikdən qurtarıldıqdan bir neçə ay sonra çəkdiyi iztirablardan
dünyasını dəyişdi. Bütün bu itkilər az imiş kimi, qızımı da torpağa tapşırdım. Rahilə
Hacıyeba hal-hazırda məcburi köçkünlər üçün salınmış Goranboy rayonunun Yuxarı
Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşıb. Ömrünə didərginlik həyatı yazılan,
qəlbində sağalmaz yaralar gəzdirən Rahilənin doğma torpaqlara qayıdış günü də
var. Yenidən Şuşaya, Xankəndinə, Xocalıya qayıtmaq və bu dəfə evi
yandırılmadan, doğmalarını, əzizlərini itirmək qorxusu olmadan yaşamaq ümidi
onda hələ tükənməyib. Çünki övladının təzə açmış gül kimi düşmən tapdağında
qalan məzarı, yoldaşının Xocalıda dolanan ruhu tez-tez onu yuxusunda Qarabağa
qayıtmağa səsləyir.